Redaktor
"X" kopyalanan viral videolardan qazanc əldə edilməsini məhdudlaşdırır
Sosial media platforması "X" digər istifadəçilərə məxsus viral videoların icazəsiz paylaşılması üzərindən reklam gəliri əldə edilməsinin qarşısını almaq üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, platforma orijinal məzmun istehsalçılarını qorumaq və məzmun keyfiyyətini artırmaq məqsədilə gəlir paylaşımı sistemində dəyişiklik edir. Yeni qaydalara əsasən, başqa hesablardan kopyalanaraq yenidən yayımlanan videolar reklam gəliri proqramından kənarlaşdırılacaq.
Şirkətin hazırladığı yeni filtr və doğrulama sistemi süni intellekt və avtomatik müəllif hüquqları texnologiyaları vasitəsilə videoları yoxlayacaq. Sistem videonun ilk paylaşım mənbəyini müəyyən edərək orijinal olmayan paylaşımların monetizasiya imkanlarını məhdudlaşdıracaq.
Bundan sonra yalnız istifadəçiyə məxsus və ya üzərində ciddi yaradıcı dəyişiklik edilmiş videolar gəlir paylaşımı proqramına daxil ediləcək. Xüsusilə böyük auditoriyaya sahib olub başqalarının viral videolarını paylaşaraq qazanc əldə edən hesabların maliyyə motivasiyasının zəiflədilməsi hədəflənir.
Şirkət həmçinin bildirib ki, yeni qaydaların pozulması hallarında hesabların bağlanması və ya əvvəlki reklam gəlirlərinin geri alınması kimi əlavə sanksiyalar da tətbiq oluna bilər. Bununla bağlı detallı maliyyə mexanizmləri hələ açıqlanmayıb.
"X" bu addımla həm reklamverənlər üçün daha təhlükəsiz və keyfiyyətli mühit yaratmağı, həm də orijinal məzmun istehsalçılarını platformada saxlamağı planlaşdırır. Yeni sistemin platformada “kopyala-yapışdır” üsulu ilə gəlir əldə etmə dövrünü əhəmiyyətli dərəcədə məhdudlaşdıracağı bildirilir.
Sərvanə Rəmixanova