Redaktor
Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı
Süni intellekt texnologiyalarının sürətli inkişafına baxmayaraq, əmək bazarında insan faktoruna olan tələbat azalmaq əvəzinə artır. Mütəxəssislərin fikrincə, xüsusilə insanlarla birbaşa ünsiyyət, yaradıcılıq və idarəetmə ilə bağlı peşələr gələcəkdə də insanın üstünlüyündə qalacaq.
Valyuta.az xəbər verir ki, Ukrayna Psixologiya və Sahibkarlıq İnstitutunun Biznes Təhsili və İxtisasartırma Mərkəzinin direktoru Mariya Furmanın sözlərinə görə, süni intellektin tam əvəz edə bilməyəcəyi əsas sahələr bir neçə istiqamətdə cəmlənir.
İlk növbədə insanlarla iş sahəsi qeyd olunur. Buraya psixoloqlar, məsləhətçilər, HR mütəxəssisləri, komanda idarəetməsi və kadrlarla iş daxildir.
İkinci əsas istiqamət təhsil və inkişaf sahəsidir. Müəllimlər, mentorlar və liderlik bacarıqlarının inkişafı bu qrupa aid edilir.
Bundan əlavə, biznes idarəçiliyi və strateji planlama da insan amilindən asılı olaraq qalır. Şirkət rəhbərləri və strateqlər gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas fiqurlar sayılır.
Eyni zamanda, tikinti, texniki xidmət və digər praktiki ixtisaslar da aktuallığını qoruyur.
Furmanın sözlərinə görə, süni intellekt artıq əmək bazarının ayrılmaz hissəsinə çevrilib, lakin onun düzgün istifadəsi vacibdir. Ekspert həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar artıq işçi qüvvəsinin yenidən hazırlanmasının vacibliyini vurğulayır. Təhsil sisteminin də yeni reallıqlara uyğunlaşdırılması zəruridir.
Gələcək 5–10 il üçün ən vacib bacarıqlar sırasında analitik düşüncə, informasiyanın seçilməsi və tənqidi yanaşma ön plana çıxır. Bundan əlavə, kommunikasiya, komanda işi, etibar və uyğunlaşma qabiliyyəti də vacib hesab olunur.
Furman xüsusilə emosional intellektin əhəmiyyətinin artdığını bildirib. Onun sözlərinə görə, insanlarla işləmə və komanda idarəetməsində emosional bacarıqlar getdikcə daha çox tələb olunur.
O həmçinin qeyd edib ki, yaradıcılıq süni intellektin hələ də tam əvəz edə bilmədiyi əsas sahələrdən biridir:
"Yaradıcılıq yeni ideyaların formalaşması üçün əsasdır. Süni intellekt isə daha çox mövcud məlumatları təhlil edir, yeni ideya yaratmır".
Paşa Məmmədli