Redaktor
Aİ-də maliyyə çatışmazlığı yaranıb: 800 milyard necə tapılacaq?
Avropa İttifaqı (Aİ) son altı ildə üçüncü böyük iqtisadi sarsıntı ilə üz-üzədir. Pandemiya və 2022-ci ilin enerji böhranından sonra birliyin maliyyə resursları demək olar ki, tamamilə sıfırlanıb.
Hazırda Avropa qazıntı yanacağı idxalından kritik dərəcədə asılı vəziyyətdədir və bu asılılıq iqtisadiyyatı "vuran" əsas amilə çevrilib.
Yaranmış vəziyyət Aİ-nin növbəti yeddiillik (2028-2034) ümumi büdcəsi ilə bağlı danışıqları da dalana dirəyib. Diplomatlar xəbərdarlıq edirlər ki, enerji və iqtisadi böhran nə qədər uzun çəksə, milli hökumətləri Avropa paytaxtlarına daha çox vəsait ayırmağa inandırmaq bir o qədər çətin olacaq.
Valyuta.az xəbər verir ki, Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərovun fikirlərinə əsasən, fakt odur ki, son illərdə ard-arda gələn şoklar maliyyə dayanıqlığını ciddi zəiflədib, xüsusilə 2020-ci ildə pandemiya zamanı Aİ iqtisadiyyatı təxminən 6%-ə yaxın daralıb, bunun kompensasiyası üçün isə 800 milyard avroluq bərpa fondu yaradılıb:
“2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra yaranan enerji böhranı nəticəsində qaz və elektrik qiymətləri bəzi ölkələrdə 2-3 dəfə artdı. O dövrdə Aİ ölkələri yalnız enerji subsidiyalarına 600 milyard avrodan çox vəsait xərclədi. Bu, büdcə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Bu səbəbdən, indi yeni yeddiillik büdcə üzrə razılaşmanın çətin getməsi tam məntiqli və başa düşüləndir”.
Ekspertin sözlərinə görə, Aİ hələ də enerji ehtiyacının təxminən 55-60%-ni idxal hesabına qarşılayır:
“Xüsusilə qaz bazarında bu asılılıq daha kəskindir. 2021-ci ildə Rusiyadan idxal edilən qaz ümumi istehlakın 40%-ni təşkil edirdi. İndi bu pay azalsa da, yerini daha bahalı mayeləşdirilmiş qaz və digər mənbələr tutub. Nəticədə Avropa sənayesində enerji xərcləri ABŞ ilə müqayisədə 2-3 dəfə yüksəkdir. Bu da Avropanın rəqabət qabiliyyətini zəiflədir.
Bu prosesin Azərbaycana təsiri isə kifayət qədər konkret və ölçülə biləndir. Azərbaycan artıq Aİ üçün strateji enerji tərəfdaşına çevrilib. 2021-ci ildə Aİ-yə təxminən 8 milyard kubmetr qaz ixrac edən Azərbaycan, 2023-cü ildə bu rəqəmi 12 milyard kubmetrə çatdırdı. Hədəf 2027-ci ilə qədər bunu 20 milyard kubmetrə yüksəltməkdir. Bu artım ölkəyə əlavə milyardlarla dollar ixrac gəliri gətirir və dövlət büdcəsinin gəlir hissəsini gücləndirir.
Amma bunu yalnız “fürsət” kimi qiymətləndirmək də tam doğru olmaz. Çünki Aİ paralel olaraq bərpa olunan enerji siyasətini sürətləndirir. Onların əsas məqsədi 2030-cu ilə qədər enerji istehlakında bərpa olunan mənbələrin payını ən azı 43%-ə çatdırmaqdır. Bu isə o deməkdir ki, qaz kimi ənənəvi enerji mənbələrinə tələbat uzunmüddətli perspektivdə sabit artmayacaq. Hətta müəyyən mərhələdən sonra azalma riski var.
Bu baxımdan qısa və orta müddətdə Aİ-dəki enerji böhranı Azərbaycan kimi ixracatçılar üçün real iqtisadi üstünlük yaradır və gəlirləri artırır. Amma uzun müddətdə bunu fürsət kimi dəyərləndirmək doğru olmaz. Sadəcə olaraq Azərbaycan qısa müddət üçün yaranan bu fürsətdən istifadə edərək, əldə olunan bu gəlirləri iqtisadiyyatın diversifikasiyasına yönəltməlidir”.