Redaktor
"Anbarda bir cüt ayaqqabısı olmadan milyard dollarlıq şirkət qurdu"
İnternet üzərindən ticarətin yeni başladığı 1990-cı illərin sonunda ideya müəllifləri və sahibkarlar arasında belə bir rəy var idi: böyük bir onlayn mağaza açmaq üçün mütləq milyonlarla dollar investisiya tapmalı, nəhəng anbarlar icarəyə götürməli və daxili loqistikanı qurmalısan.
Lakin biznes dünyasının yazılmamış qanunları bəzən ən riskli və bəsit sınaqların böyük uğurlara yol açdığını sübut edir. Elə bir dövrdə, insanların hələ "görmədən və geyinmədən internetdən ayaqqabı almazlar" dediyi vaxtda, bir sahibkar tamamilə fərqli və feyk bir model sınamaq qərarına gəldi. Nəticədə isə ortada nə anbar, nə də məhsul olmadan qlobal e-ticarət nəhəngi – "Zappos" yarandı. Maraqlıdır, kapitalı və məhsulu olmayan bir startap necə qlobal brendə çevrilə bildi?
Valyuta.az xəbər verir ki, bu dahi və bəsit ideyanın müəllifi amerikalı sahibkar Nik Svinmörndür (Nick Swinmurn).
O, günlərin birində San-Fransiskoda yerləşən ticarət mərkəzində özünə uyğun ayaqqabı tapa bilmədikdən - bir mağazada rəngin, digərində isə ölçünün olmamasından bezdikdən sonra onlayn ayaqqabı mağazası açmaq qərarına gəlir.

Maliyyə sektorunda və startap mühitində böyük pulların anbar loqistikasına xərcləndiyi bir vaxtda, Nik Svinmörn ənənəvi yolla getmədi. O, riskə girib minlərlə ayaqqabı istehsal etmək və ya almaq əvəzinə, "Minimum Həyatqabiliyyətli Məhsul" (MVP) konsepsiyasının ən parlaq nümunəsini yaratdı. Sahibkar yerli ayaqqabı mağazalarına gedərək, oradakı vitrinlərin şəklini çəkmək üçün icazə istəyir və mağaza sahiblərinə söz verir ki, əgər bu ayaqqabılar internetdə satılsa, gəlib onları elə bu mağazadan tam qiymətinə satın alacaq.
Daha sonra o, şəkilləri yaratdığı sadə internet saytına yerləşdirir. Saytdan hər hansı bir müştəri sifariş verən kimi, Nik dərhal qaçaraq həmin yerli mağazaya gedir, ayaqqabını pərakəndə qiymətlə alır və poçt vasitəsilə müştəriyə göndərirdi. İlk baxışdan bu model sahibkar üçün iqtisadi cəhətdən ziyana işləyirdi, çünki o, hər satışdan pul itirirdi və sistem avtomatlaşdırılmamışdı. Lakin Nikin məqsədi pul qazanmaq yox, insanların internetdən ayaqqabı almağa hazır olub-olmadığını test etmək idi. İmitasiya üzərində qurulan bu kiçik eksperiment müştərilərin real davranışını görməyə və bazarda belə bir tələbatın olduğunu sübut etməyə imkan verdi.

Bu bəsit testin uğurundan sonra layihə böyük investorların diqqətini çəkdi və startap rəsmi olaraq "Zappos" adını aldı. Nik Svinmörn sübut etdi ki, biznesə başlamaq üçün illərlə biznes planı yazmaq və ya milyonlarla dolları hələ təsdiqlənməmiş ideyaya yatırmaq lazım deyil. Şirkət sonradan o qədər böyüdü və şaxələndi ki, 2009-cu ildə dünya nəhəngi "Amazon" tərəfindən 1.2 milyard dollar dəyərində səhm və nağd pulla satın alındı.
Nik Svinmörnlə bağlı bu hekayə müasir biznes dünyasında bir dərslik hesab olunur. Onun təcrübəsi göstərir ki, ən böyük imkanlar nəhəng büdcələrdə və mürəkkəb sistemlərdə deyil, hipotezləri minimum xərclə, sürətli və praktiki şəkildə sınaqdan keçirmək bacarığındadır.
Rəfiqə Abdin