Redaktor
Körpə övladla başladığı biznesi brendə çevirdi - təbii kosmetika istehsalçısı danışır
Azərbaycanda son illər təbii məhsullar və dəri qulluğu sahəsində fəaliyyət göstərən yerli brendlərin sayı çoxalmaqdadır. Bu sahəyə qoşulanlardan biri də “North de Noura” brendinin təsisçisi Aynur Quliyevadır.
O, Valyuta.az-a müsahibəsində həm şəxsi həyat yolundan, həm də sıfırdan qurduğu biznesin yaranma hekayəsindən danışıb.
Aynur Quliyeva filologiya ixtisası üzrə təhsil alıb və uzun müddət dil və ədəbiyyat sahəsinə maraq göstərib. Lakin zamanla fərqli bir istiqamət onun həyatında daha ön plana çıxıb:
“Mən həmişə təbiiliyə önəm vermişəm. Ev şəraitində belə düyüdən krem, limondan qolaltı məhsulları, maskalar hazırlayırdım. Hazır məhsul alanda ilk baxdığım şey tərkibi olurdu. Daha sonra kiçik satışlarla biznes sahəsinə addım atdım. Tələbə idim, həm də körpə övladımla məşğul olurdum. Sadəcə bir maraq olaraq başladım. Xaricdən geyim, kosmetik məhsullar və müxtəlif baxım vasitələri gətirib satırdım. Təbii tərkibli məhsullara marağım olduğu üçün onların tərkibini araşdırırdım. Müştərilərin məhsulları bəyənməsi və mənə güvənməsi məndə bu sahəyə daha ciddi yanaşmaq istəyi yaratdı. Şəxsi marağım biznes ideyasına çevrildi”.

Tanınmış kimyaçılardan təhsil alma imkanım olub”
Onun sözlərinə görə, brendin yaranma məqsədi insanlara daha təmiz alternativlər təqdim etməkdir:
“North de Noura"nın yaranmasının əsas səbəbi də bu yanaşmadır. Mən insanların daha təmiz tərkibli baxım məhsulları ilə tanış olmasını istəyirdim. Bu brend mənim üçün sadəcə satış səhifəsi deyil, təbiiliyə verdiyim dəyərin bir əksidir”.
Sahibkar biznesə çox kiçik büdcə ilə başladığını bildirir: “Təxminən 100 manatlıq məhsul gətirib satış etmişdim. Sonradan qazandığım gəliri təbii baxım məhsulları üzrə təhsilimə yönəltdim və işdə peşəkarlaşma prosesinə başladım. Sabun hazırlamağı öyrəndim, saç baxımı və dəri qulluğu üzrə təlimlər aldım. Beynəlxalq sertifikatlar əldə etmişəm və tanınmış kimyaçılardan təhsil alma imkanım olub”.
“İlk dəfə sabunumu 10 manata satdım”
İlk hazırladığı sabunlardan və satış qiymətlərindən də danışdı: “Özümün ilk hazırladığım məhsul əl işi sabunlar olub. Çox sadə idi, hətta qeyri-peşəkar görünürdü. Amma mənim üçün onların yeri ayrıdır. İlk satışım da yadımdadır. 2022-ci ilin dekabrında Bakıda keçirilən Sosial Satınalmalar sərgisində ilk dəfə sabunumu 10 manata satdım. O an mənim üçün çox motivasiyaedici oldu”.
Aynur Quliyeva biznesin ilk dövrlərinin çətin keçdiyini deyir:
“Satışlar çox az idi, hətta bir müddət işi dayandırmağı düşünmüşdüm. Amma sonra korporativ sifarişlər gəldi. 10, 20, sonra 50 ədədlik sifarişlər oldu və bu mənə motivasiya verdi”.
O, Azərbaycanda natural skincare sahəsinin inkişafını müsbət qiymətləndirir:
“Bu sahədə rəqabət görmürəm, əksinə dəstək görürəm. Amma bilik olmadan bu sahəyə daxil olmaq təhlükəli ola bilər. Məncə, əsas məqsəd insanlara fayda vermək olmalıdır”.

“Bütün bunları körpə övladımla birlikdə idarə etmişəm”
Sahibkar son dövrlərdə ən çox tələb olunan məhsullardan da danışıb:
“Qolaltı təbii məhsullar, bərk şampunlar, Naftalan sabunu və dəri problemləri üçün xüsusi sabunlarımız daha çox satılır. Ən sevindirici hal isə onların davamlı sifariş edilməsidir”.
A.Quliyevanın verdiyi məlumata görə, hazırda “North de Noura” brendi saç, üz və bədən baxımı istiqamətində geniş məhsul çeşidi təqdim edir. Brendin məhsulları arasında təbii sabunlar, şampunlar, saç serumları, bərk şampun və saç kremləri, müxtəlif növ üz serumları, üz kremləri, kollagen və peptid tərkibli qulluq vasitələri və s. yer alır.

O bildirir ki, sosial media biznes üçün vacib rol oynayır:
“Sosial media həm tanıtım, həm də əlaqə üçün çox önəmlidir. Amma insanlar tanımadıqları yerdən alış-verişdə tərəddüd edir. Ona görə sərgilər daha çox güvən yaradır”.
Aynur Quliyeva həm ailə, həm də iş balansının çətin olduğunu vurğulayır:
“Qadın sahibkar kimi hər addım ailə ilə razılaşdırılırdı. Festivallara qatılmaq belə mübarizə tələb edirdi. Bütün bunları körpə övladımla birlikdə idarə etmişəm. Gecələr məhsul hazırlayır, gündüzlər isə həm ev, həm bizneslə məşğul olurdum”.
Məhsul hazırlanmasında əsas prinsipləri isə belə izah edir:
“Formullar peşəkar mənbədən götürülür, xammallar təbii və sertifikatlı olur. İstehsal prosesi isə tam steril qaydada aparılır”.
Sonda o, gənc sahibkarlara tövsiyə verib:
“Uğur birdən-birə olmur. Əsas inam və davamlılıqdır. Mən sıfırdan, az imkanla bu yola başlamışamsa, hər kəs bacarar. Sadəcə başlamaq və davam etmək lazımdır”.
Mələk Ziyad