Redaktor
Kriptobirja "Wall Street" şirkətini 4,2 milyard dollara aldı
"Bullish" "Wall Street"in ən böyük səhm qeydiyyatı və infrastruktur şirkətlərindən biri olan "Equiniti"ni satın alıb.
Valyuta.az xəbər verir ki, kriptovalyuta birjası sözügedən satınalma üçün 4,2 milyard dollar ödəyib. Məlumata görə, bu addım kripto sektorunda indiyədək həyata keçirilmiş ən böyük satınalmalardan biri hesab olunur.
Qeyd edək ki, “Bullish” şirkəti Nyu-York Fond Birjasının keçmiş rəhbəri Tom Farley tərəfindən yaradılıb. Şirkətin satın aldığı “Equiniti” isə “Berkshire Hathaway”, “Moody’s” və digər iri korporasiyalar üçün səhmdar qeydiyyatı, dividend ödənişləri və investor məlumatlarının idarə olunması kimi xidmətlər təqdim edir.
Məlumata əsasən, “Equiniti”nin portfelində 15 mindən çox korporativ müştəri var. Şirkət səhmlərin alqı-satqısının qeydiyyatı, sahiblik hüquqlarının idarə olunması, dividend ödənişlərinin təşkili və səhmdarlara hesabatların təqdim olunması kimi funksiyaları yerinə yetirir.
Satınalma çərçivəsində “Equiniti”nin 1,85 milyard dollarlıq borcu da “Bullish”ə keçəcək.
Tərəflər yaxın dövrdə institusional şirkətlər üçün 24/7 tokenizasiya xidmətləri təqdim etməyi planlaşdırır. Buraya tokenləşdirilmiş qiymətli kağız əməliyyatları, stabilkoinlərlə ödənişlər və rəqəmsal transfer həlləri daxildir.
Sərvanə Rəmixanova