Redaktor
"Böyük kassa dövriyyələri var, amma gəlirləri aşağıdır"- Ekspert
Azərbaycanda bəzi biznes sahələri var ki, kənardan olduqca gəlirli görünür və insanlar arasında “çox qazandırır” fikri formalaşıb. Xüsusilə, kofeşoplar, gözəllik salonları, şirniyyat mağazaları və oxşar sahələr çox vaxt yüksək gəlir gətirən biznes kimi qəbul olunur. Görünən mənzərə hər zaman reallığı əks etdirmir. Bəzi bizneslər müştəri çoxluğu və populyarlığı ilə seçilsə də, yüksək xərclər, rəqabət və digər faktorlar səbəbindən düşündüyümüz qədər qazandırmaya bilir. Maraqlıdır, Azərbaycanda hansı bizneslər göründüyü qədər qazandırmır?
Biznes konsultant Mübariz Quliyev Valyuta.az-a bildirib ki, Azərbaycanda bir çox biznes sahəsinin gəlirliliyi real maliyyə göstəricilərindən daha çox vizual görüntü üzərindən qiymətləndirilir: “Bizdə bazar psixologiyası belə formalaşıb ki, insanların çox gördüyü biznes avtomatik olaraq “çox qazanan biznes” kimi qəbul olunur. Halbuki praktikada ən çox görünən bizneslər bəzən ən aşağı marjalı bizneslər olur”.
Onun sözlərinə görə, sahibkarların əhəmiyyətli hissəsi biznesə investisiya kimi yox, prestij elementi kimi yanaşır: “Bir çox biznes modelində qərarlar bazar araşdırması və maliyyə hesablamaları ilə deyil, emosional imitasiya ilə verilir. Yəni, bazarda hansı model trenddirsə, qısa müddətdə onlarla oxşar biznes yaranır. Nəticədə bazar doyur, qiymət rəqabəti başlayır və bizneslər görünən dövriyyənin altında əriyir. Azərbaycanda xüsusilə xidmət sektorunda maraqlı bir paradoks var: müştəri sayı artdıqca bəzi bizneslərin gəlirliliyi yüksəlir, eyni zamanda, xərcləri - "yükü" də artır. Çünki böyümə ilə paralel sistem qurulmur. İnsan resursları, əməliyyat nəzarəti, keyfiyyət standartları və maliyyə intizamı eyni sürətlə inkişaf etmir. Bu səbəbdən, bir çox biznes “aktiv görünən, amma zəif qazanan” modelə çevrilir”.

Biznes konsultant bildirir ki, sahibkarların əksəriyyəti xalis mənfəəti deyil, gündəlik pul axınını uğur göstəricisi hesab edir. Halbuki, yüksək dövriyyə həmişə yüksək gəlir demək deyil. Azərbaycanda kifayət qədər biznes var ki, aylıq böyük kassa dövriyyəsinə malikdir, amma əməliyyat xərcləri, icarə, personal, kredit öhdəlikləri və qeyri-effektiv idarəetmə səbəbindən real mənfəət çox aşağı olur. Göründüyü qədər qazandırmayan bizneslər əsasən ən çox görünən bizneslərdir. Xüsusilə restoranlar, kafe şoplar, gözəllik salonları, premium interyerli məkanlar, bəzi butik və şourum modelləri, eləcə də sosial mediada aktiv reklam olunan konsept bizneslər çox vaxt düşündüyümüz qədər yüksək gəlir formalaşdırmır. Çünki bu sahələrdə vizual təqdimat və imic xərcləri real rentabelliyi ciddi şəkildə azaldır”.
M.Quliyev əlavə edib ki, Azərbaycanda bizneslə bağlı ən çox yanlış qiymətləndirilən məsələ “görünmək” ilə “dayanıqlı olmaq” anlayışlarının qarışdırılmasıdır: “Bəzi bizneslər və şəxslər sosial mediada çox aktiv görünür, insanların çoxluğu, növbələr və dolu məkanlar isə avtomatik olaraq yüksək gəlir təəssüratı yaradır. Halbuki, real biznes göstəricisi səs-küy deyil, davamlılıq, sistemlilik və kapitalın geri dönüş sürətidir. Əslində, uzunmüddətli perspektivdə ən dayanıqlı bizneslər çox vaxt vizual olaraq ən sakit görünən bizneslər olur. Çünki müasir iqtisadiyyatda əsas üstünlük artıq məhsul satmaq yox, sistem qurmaq, proses idarə etmək və davamlı korporativ münasibət yaratmaqdır”.
Sərvanə Rəmixanova