Redaktor
“Google”da işə necə düzəlmək olar? - Rüstəm Zokirovun təcrübəsi
Almaniyanın Münhen şəhərində “Google”un “Android Automotive OS” komandasında çalışan proqram mühəndisi Rüstəm Zokirov (Rustam Zokirov) “Big Tech” şirkətlərinə qəbul prosesi, texniki müsahibələr və xaricdə həyatla bağlı təcrübəsini bölüşüb.
Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, Rüstəm Zokirov “Inha University in Tashkent” universitetini 2023-cü ildə bitirib.
Tələbəlik illərində “EPAM” və “Exadel” şirkətlərində çalışaraq proqramlaşdırma və test sahəsində ilk praktiki təcrübəsini qazanıb. Üçüncü kursdan etibarən isə “Google”, “Meta”, “Amazon”, “Apple”, “Tesla” və “Bloomberg” kimi şirkətlərə aktiv şəkildə müraciət etməyə başlayıb.
Onun sözlərinə görə, “Big Tech” şirkətlərinə qəbulun ən çətin mərhələsi texniki müsahibələr deyil, ümumiyyətlə müsahibəyə dəvət almaqdır. Bu səbəbdən CV-nin vakansiyaya uyğun hazırlanması əsas rol oynayır.
Universiteti bitirdikdən təxminən iki həftə sonra “Google”un rekruiteri onunla əlaqə saxlayıb. Daha sonra standart qəbul prosesi başlayıb: ilkin danışıq, texniki müsahibələr və “team matching” mərhələsi. Onun vəziyyətində uyğun komandanın seçilməsi prosesi altı aya yaxın davam edib. Ümumilikdə müraciətdən iş təklifinə qədər olan müddət təxminən doqquz ay çəkib.
Hazırda o, avtomobillər üçün nəzərdə tutulmuş “Android Automotive” platforması üzərində çalışır. Layihədə əsasən “Java” və “Rust” proqramlaşdırma dillərindən istifadə olunur.

Rüstəmin fikrincə, beynəlxalq şirkətlər üçün CV hazırlayarkən əsas diqqət görülən işlərə deyil, yaradılan nəticəyə yönəlməlidir. Namizəd hansı prosesi yaxşılaşdırdığını, məhsula necə təsir etdiyini və hansı konkret nəticələri əldə etdiyini göstərməlidir. O, xüsusilə “measurable impact” - ölçülə bilən nəticələrin vacibliyini vurğulayır.
Bundan əlavə, “open-source” layihələrdə iştirak, “GitHub” profili və şəxsi layihələr də üstünlük hesab olunur. CV-də yalnız vakansiyaya uyğun təcrübənin saxlanılması, qrammatik düzgünlük və aydın struktur isə əsas tələblər arasındadır. “Google”da ilk aylarda əsas çətinlik böyük həcmdə informasiyaya uyğunlaşmaqdır. “Onboarding” prosesi altı aya qədər davam edə bilər. Bu müddətdə həm daxili alətlər, həm də uzun illərdir inkişaf etdirilən sistemlər öyrənilir.
Onun sözlərinə görə, müasir texnologiya sektorunda artıq yalnız kod yazmaq kifayət etmir. Sistem arxitekturasını anlamaq, texniki qərarlar vermək və düzgün kommunikasiya qurmaq da mühüm bacarıqlara çevrilib. Süni intellektin inkişafı fonunda isə sistemli və tənqidi düşüncə daha çox qiymətləndirilir.
Rüstəm xaricdə həyatla bağlı da fikirlərini bölüşüb. O bildirib ki, “Google” relokasiya prosesini tam şəkildə təşkil edir - vizadan köçməyə qədər bütün mərhələlərdə əməkdaşlara dəstək göstərilir və əlavə “relocation bonus” ödənilir. Xaricdə yaşamaq hər kəs üçün avtomatik uğur demək deyil və çox şey işlədiyiniz şirkətdən asılıdır. Böyük beynəlxalq şirkətlərdə maaş və iş şəraiti adətən daha yaxşı olur, adaptasiya prosesi isə daha rahat keçir.
Rüstəm Zokirov gənclərə xaricdə təhsil və karyera planlarını əvvəlcədən qurmağı, həmçinin hansı həyat tərzinin onlar üçün daha uyğun olduğunu düzgün müəyyənləşdirməyi tövsiyə edir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
500 manatla öz brendini yaradan gəncəli oğlan - Müsahibə
24 ildir gəlirinin bir hissəsini xeyriyyəyə ayırır - Restoran sahibinin hekayəsi - Müsahibə
500 manatla corab brendi qurdu - 15 manata satır