Bakının abadlığı üçün ayrılan 61 milyon manatlıq tender kimlərə verildi?

Redaktor

29.04.2026 14:00
411

Bakının abadlığı üçün ayrılan 61 milyon manatlıq tender kimlərə verildi?

Bakı şəhərində 61 milyon manatlıq abadlıq işləri görüləcək.

Valyuta.az xəbər verir ki, layihənin icrası “XEZER-CONSTRUCTION” MMC-yə həvalə edilib.

Belə ki, satınalmanı elan edən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “XEZER-CONSTRUCTION” MMC (VÖEN- 1603218151) arasında müqavilə imzalanıb.

Müqavilənin ehtimal olunan dəyəri 64 milyon 951 min 891,44 manat olsa da, yekun razılaşma 61 milyon 87 min 536,21 manat təşkil edib.

Qeyd edək ki, “Xezer Construction” MMC 26 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, ev 11/30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. Daha əvvəl şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

Məlumat üçün bildirək ki, “XEZER-CONSTRUCTION” MMC daha əvvəl də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi tenderlərdə qalib seçilib.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMMC Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərir.

Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovdur.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru isə Abit Əliyevdir. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003-cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadiq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir-tikinti işlərinə nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin rəhbəri olduğu MMC-nin əli ilə paylanır. Əslində, bu xəbərdən də göründüyü kimi, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC işləri özü görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sifariş edir. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...