Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
“Yalan danışan işçi” də var. “Yalan danışmağa məcbur qalan işçi” də.
Bu ikisini bir-birindən ayırmaq asan deyil. Bəzən isə ayırmaq istəmirik. Çünki belə daha rahatdır.
Bu günlərdə İctimai radionun efirində belə bir sual səsləndi:
İş yerinə hamıdan tez gəlib, hamıdan gec çıxan işçi komandanın ən sevimlisidirmi?
Sual zahirən sadədir. Amma cavabı saatla ölçülmür. Məncə, məsələ saatda yox, hədəfdədir, niyyətdədir. Bu davranış təşəbbüsdürmü, yoxsa görünmək ehtiyacı? Məhsuldarlıqdırmı, yoxsa qorxu?
Bəzən uzun iş saatları motivasiyanın yox, təhlükəsizliyin olmadığının göstəricisi ola bilər.
Çünki sadəcə görünən olmaq üçün işdə çox qalmaq, olmayanı olan kimi göstərməkdir.
Yalan da mahiyyətcə elə budur - olmayanı olan kimi təqdim etmək.
“Yalan danışan işçi” mövzusu təkcə işçinin yox, həm də mühitin dürüstlüyü mövzusudur. Bəli, yalan danışan işçilər həmişə olub, bunu inkar etmək saflıq olar.
Yalan davranışdır. Bu davranışa görə məsuliyyət işçinin üzərindədir. Amma hansı davranışların çoxaldığını həm də mühit müəyyən edir. Yalan fərdi seçimdir, lakin bu seçimin yayılıb-yayılmamasını sistem formalaşdırır.
Bəli, elə insanlar da var ki, harada olursa-olsun yalan danışır və bu, artıq sistem yox, insan faktorudur. Yalanın bir hissəsi mühitdən doğur, bir hissəsi isə fərdi xarakterdən.
Dürüst mühitdə birincisi azalır. İkincisi isə çox yaşamır ya dəyişir, ya da özünü ifşa edir.
Çünki elə mühitlər var ki, orada həqiqət danışmaq riskə çevrilir.
Məsələn:
• “yorulmuşam” demək risklidir
• “çatdıra bilmirəm” demək zəiflik sayılır
• “problem var” demək cəza kimi qəbul olunur
Amma “yorulmuşam”dan, “çatdıra bilmirəm”dən əvvəl adətən daha dərin bir həqiqət olur.
Çox vaxt işçi əslində bunu demək istəyir: bacarmıram. Bilmədiyini demək, “öyrənməyə ehtiyacım var” demək riskli göründüyü üçün, insan daha təhlükəsiz bir yol seçir - “xəstəyəm” deyir. Belə yerlərdə yalan bəzən vərdiş yox, müdafiə mexanizminə çevrilir. Yalanı normallaşdırmayaq. Amma onu doğuran mühiti də görməzdən gəlməyək.
Bacarıqlarımızın lap mərkəzində bizim öhdəlik götürmək və onları yerinə yetirmək qabiliyyəti durur. Şəxsiyyət bütövlüyü, yüksək inam, vədlərimizi yerinə yetirmək məhz buradan başlayır. Yalan aldatmaq niyyəti ilə baş verən ünsiyyət növüdür. Bütövlüyün məğzində isə dürüstlük - sözümüzün gerçəkliyə uyğun olmasını təmin etmək durur. Əgər bütövlüyümüz varsa, aldatmaq kimi niyyətimiz ola bilməz.
Stiven Kovey bunu “emosional bank hesabı” anlayışı ilə izah edir.
Komandada inam yığılan depozit kimidir - vaxtla artır, bir anda isə silinə bilir. Əgər həm özümüzə, həm də başqalarına münasibətdə öhdəlik götürə və yerinə yetirə bilmiriksə, bu öhdəliklər mənasız olur. Bunu biz də bilirik, başqaları da. Yalan danışmaq, öhdəlik götürüb yerinə yetirməmək, bacarmadığını gizlətmək, olmayanı var kimi göstərmək emosional bank hesabından kəskin silinmələr deməkdir.
Bir-iki dəfə görməzdən gəlinə bilər. Amma bu davranış davamlıdırsa, inam sürətlə əriyir. Bir nöqtədən sonra rəhbər artıq sözə yox, ehtimala inanır. Tapşırıq yoxlanır, deyilənlər test edilir, məsuliyyət mikroidarəetməyə çevrilir.
Bu mərhələdə işçi çox vaxt “mənə güvənmirlər” deyir. Amma çox vaxt unudulan bir həqiqət var: inam itiriləndə, onu ilk itirən tərəf adətən özü olur.
İnam birdən-birə itməz. O, səs-küylə yox, səssizcə azalır. Kiçik uyğunsuzluqlarla, tutulmayan sözlərlə, yerinə yetirilməyən öhdəliklərlə, yarımçıq qalan işlərlə, izahsız gecikmələrlə… İnsan əvvəlcə özü bunu hiss edir. Öz sözünə artıq özü də tam güvənmədiyi anda. Amma etiraf etmək əvəzinə izah etməyə çalışır. Açıq demək əvəzinə dolayısı ilə davranır.
Çünki etiraf məsuliyyət tələb edir. Məsuliyyət isə dəyişmək deməkdir. Dəyişmək əvəzinə insan izah etməyə başlayır. İzah etmək əvəzinə davranışını ört-basdır edir. Ört-basdır etdikcə də həqiqət arxa plana keçir. Artıq məqsəd problemi həll etmək olmur. Məqsəd vəziyyəti xilas etmək olur, sonra isə sadəcə özünü.
Bu nöqtədə ünsiyyət dəyişir. Həqiqət danışılmadıqda, boşluq yaranır, yalan bu boşluğa girir - “vaxt udmaq” niyyəti ilə. Etibarın yoxluğunda alternativ ünsiyyət kimi ortaya çıxır və müdaxilə edilməzsə, zamanla ünsiyyətin dilinə çevrilir.
Bəzən təşkilatları dağıdan yalanlar deyil, deyilə bilməyən həqiqətlər olur.
Məsələ həqiqətin nə qədər təhlükəsiz olduğundadır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026