Şirkət rəhbəri: Yerli istehsal və süni intellektəsaslı sistem kənd təsərrüfatında məhsuldarlığı artırır

Redaktor

26.02.2026 17:02
531

Şirkət rəhbəri: Yerli istehsal və süni intellektəsaslı sistem kənd təsərrüfatında məhsuldarlığı artırır - MÜSAHİBƏ

Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sahədə məhsuldarlığın artırılması, resurslara qənaət və idarəetmədə səmərəliliyin yüksəldilməsi baxımından yeni imkanlar açır. Xüsusilə elektron inteqral sxemlər və müasir interfeys həlləri əsasında qurulan “ağıllı sistemlər” suvarma və nəzarət proseslərini avtomatlaşdıraraq insan amilindən asılılığı minimuma endirir, fermerlərə daha dəqiq və operativ qərarvermə imkanı yaradır.

Məhz bu istiqamətdə fəaliyyət göstərən yerli və innovativ startap olan “Azirrigation” bağ və əkin sahələri üçün insan müdaxiləsi olmadan işləyən ağıllı suvarma sistemlərinin tətbiqi üzrə həllər təklif edir. Şirkətin istehsal etdiyi elektron inteqral sxemlər və istifadəçiyönümlü interfeyslər fermerlərə öz təsərrüfatlarını rəqəmsal şəkildə idarə etməyə, su və enerji sərfiyyatını optimallaşdırmağa şərait yaradır. Buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Entesk” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib. Startapın fəaliyyəti, yaradılma ideyası və üstünlükləri barədə AZƏRTAC-a danışan layihə rəhbəri Şahin Xəlilov müsahibəsi zamanı startap barədə ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:

- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?

- Bizim startap – “Azirrigation” – yerli mühəndislər tərəfindən hazırlanmış süni intellektəsaslı “ağıllı suvarma” sistemidir və əsas məqsədi kənd təsərrüfatı və fərdi bağlarda suvarmanı avtomatlaşdırmaqdır. Layihənin məqsədi insan faktoru olmadan suyun düzgün paylanmasını təmin etmək, su israfını azaltmaq, məhsuldarlığı artırmaq və resurslardan səmərəli istifadəni mümkün etməkdir. Sistem torpaq nəmlik sensorları və süni intellekt əsaslı tövsiyə mexanizmi ilə işləyir, beləliklə suvarma optimal səviyyədə həyata keçirilir. İstifadəçi mobil tətbiq vasitəsilə suvarmanı uzaqdan idarə edə, su sərfiyyatını izləyə və analitik məlumatlar əldə edə bilir. “Azirrigation”ı digər sistemlərdən fərqləndirən əsas cəhətlər: süni intellekt əsaslı optimallaşdırma, mövcud sistemlərə rahat inteqrasiya və tam yerli istehsaldır - həm aparat, həm proqram təminatı Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanıb və yerli iqlim şəraitinə uyğunlaşdırılıb. Bu, həm texniki baxımdan çevik olmasını, həm də xərclər baxımından əlçatan olmasını təmin edir. Layihə, həmçinin dayanıqlı enerji (məsələn, Günəş enerjisi) ilə işləyir və enerji olmayan ərazilərdə də istifadəyə imkan verir. Beləliklə, “Azirrigation” yalnız avtomatlaşdırılmış suvarma sistemi deyil, həm ekoloji, iqtisadi, həm də innovativ həll olaraq ölkədə su resurslarının səmərəli idarə olunmasına real töhfə verir.

- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməyə sizi ilhamlandıran nə oldu?

- Bakalavr təhsilimi fərqlənmə ilə başa vurduqdan sonra magistr təhsili üçün dünyanın texnologiya mərkəzlərindən biri olan Çinə getdim. Orada həm təhsil aldım, həm də işləyərək texniki savadımı və praktiki idarəetmə bacarıqlarımı inkişaf etdirdim. Bu dövr mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından mühüm mərhələ oldu. 2020-ci ilin yanvar ayında Azərbaycana qayıtdıqdan sonra komanda formalaşdıraraq sıfırdan yeni ideya üzərində işləməyə başladıq. Layihənin hazırkı istiqaməti təsadüfi bir müşahidədən yaranıb: Çindən qayıtdıqdan sonra suvarma prosesindəki səmərəsizlikləri müşahidə etdim. Suvarma prosesi demək olar ki, hər gün eyni ssenari ilə təkrarlanırdı - dost, tanış bağlarında boru daşıyır, kimisi kranı açıb bağlayır, amma nəticədə su ya artıq verilirdi, ya da bəzi yerlərə ümumiyyətlə çatmırdı. Bu məqamda mühəndis düşüncəsi ilə sual verdim: bu prosesi daha effektiv və avtomatlaşdırılmış şəkildə qurmaq olmazmı?

İlk sistemi öz bağımızda quraşdırdıq. Sistem ilkin mərhələdə bir qədər futuristik təsir bağışlasa da, funksional və effektiv işləyirdi. Qısa müddətdə qonşuların marağı yarandı və bir neçə bağda da tətbiq olundu. Beləliklə, məhsulun real bazar ehtiyacına cavab verdiyini və kommersiya potensialının olduğunu müşahidə etdik. Bu da təşəbbüsümüzün daha sistemli və peşəkar formada inkişafına təkan verdi.

- Bəs ilk gündən bu günə qədər ən böyük dəyişiklik nə olub?

- İlk gündən bu günə qədər ən böyük dəyişiklik layihənin konseptual mərhələdən tam funksional və bazara uyğun sistemə çevrilməsidir. Başlanğıcda yalnız bağlarımızda sınaqdan keçirdiyimiz prototiplə işləyirdik. Məqsəd suvarmanı avtomatlaşdırmaq və texniki imkanları yoxlamaq idi. Bugünkü mərhələdə isə “Azirrigation” süni intellektlə işləyən, torpaq və iqlim parametrlərini real vaxtda analiz edən, mobil tətbiq vasitəsilə idarə oluna bilən tam funksional məhsula çevrilib. Layihə artıq real bazar üçün hazırdır, müəyyən sınaqlarddan keçirilib və yerli şəraitə uyğunlaşdırılıb. Beləliklə, ən böyük dəyişiklik təkcə texnologiyada deyil, həm də layihənin ideyadan bazaryönümlü, kommersiya potensialı olan həllə çevrilməsindədir.

- Bu yolda sizi ən çox motivasiya edən nədir?

- Məni ən çox motivasiya edən məsələ “Azirrigation” ilə insanlara aid real problemlərə həll gətirmək və insanların həyatını asanlaşdırmaqdır. Layihəmiz sayəsində bağ və əkin sahələrində çox vaxt və əmək tələb edən suvarma prosesləri sadələşir, bolluq/bərəkət nişanəsi olan suyun səmərəli istifadəsi təmin olunur və resurs israfı azalır. İnsanlar artıq gündəlik əməyini daha səmərəli istifadə edə bilir, vaxtlarını başqa işlərə sərf edə bilirlər və bu, mənim üçün böyük bir uğurdur.

Bundan əlavə, layihənin ölkəmizə gətirdiyi fayda da motivasiyamı artırır. Tam yerli istehsal olan, süni intellektlə işləyən bu sistem kənd təsərrüfatında məhsuldarlığın artmasına, enerji və su resurslarının səmərəli idarə olunmasına töhfə verir. Hər dəfə sistemimizin real sahədə işlədiyini, insanların işini asanlaşdırdığını və ölkədə innovativ texnologiyaların tətbiqinə dəstək olduğunu görmək mənim üçün böyük fəxr hissidir. Bu, sadəcə bir iş deyil, həm də ölkəmizə, insanlara və dayanıqlı resurs istifadəsinə töhfə verən bir missiyadır. Bu səbəbdən hər yeni addım, hər yeni təkmilləşdirmə mənim üçün böyük motivasiya mənbəyidir.

- Rəqabətli bazarda fərqlənməyin əsas yolu nədir?

- Rəqabətli bazarda fərqlənməyin əsas yolu məhsulun həm texnoloji, həm də bazar ehtiyaclarına tam uyğun olmasıdır. Bizim üçün bu, süni intellekt əsaslı optimallaşdırma, yerli şəraitə uyğunlaşdırılmış aparat, proqram təminatı və istifadəçi təcrübəsinin rahatlığı ilə bağlıdır. Əksər bazarda mövcud sistemlər xaricdən idxal olunur və yerli iqlim şəraiti, torpaq növləri və resurs imkanları üçün optimallaşdırılmayıb. “Azirrigation” isə tam yerli istehsaldır və həm aparat, həm proqram təminatı Azərbaycan mühəndisləri tərəfindən hazırlanıb. Bu, bizə bazarda həm texniki baxımdan çevik, həm də xərclər baxımından əlçatan olmaq imkanı verir. Eyni zamanda, sistemimiz real vaxtda məlumat toplayan, AI ilə işləyən ağıllı suvarma mexanizmi təqdim edir ki, bu da istifadəçilərə yalnız avtomatlaşdırma yox, həm də analitik və adaptiv qərarlar almaq imkanı verir. Bu cür inteqrasiya edilmiş, istifadəçiyə dəyər verən və yerli şəraitə uyğun həll rəqabətdə əsas fərqlilikdir.

- Son olaraq, startap qurmaq istəyən gənclərə tövsiyəniz nə olardı?

- Startap qurmaq istəyən gənclərə tövsiyəm ilk növbədə bir iş görmədən ideyaları ilə bağlı bazar araşdırması etmək, ideyalarının mümkünlüyünü sınamaq və davamlı öyrənməkdir. İlk ideya mükəmməl olmaya bilər və başlanğıcda hər şey plana uyğun getməyə bilər – vacib olan, səhvlərdən öyrənmək, prototipi sınaqdan keçirmək və hər dəfə təkmilləşdirməkdir. Alınmasa belə, vaz keçmədən pivot etmək və yeni yanaşmalar sınamaq uğurun açarıdır. Eyni zamanda, startap yolunda komandaya və bacarıqlara investisiya etmək çox önəmlidir. Yalnız texniki biliklə kifayətlənmək yetərli deyil – biznes, marketinq və idarəetmə bacarıqları ilə balanslı komanda uğuru təmin edir.

Ən önəmlisi isə real problemləri həll etməyə fokuslanmaqdır. İnsanların gündəlik həyatını asanlaşdıran, resursları səmərəli istifadə etməyə imkan verən və bazarda dəyər yaradacaq ideyalar uğurlu olur. Startap yolunda çətinliklər qaçılmazdır, amma hər uğursuzluq yeni öyrənmə və inkişaf fürsətidir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...